QAN YADDAŞI
“Azərikimya” İstehsalat Birliyində Xocalı soyqırımının 23-cü ildönümü qeyd olunub
Sumqayıt, 25 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar “Azərikimya” İstehsalat Birliyində anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunan mərasimdə Sumqayıt kimyaçıları, elm, ədəbiyyat, xadimləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin təşkil etdiyi Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxıblar.
Tədbirdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev ümummilli lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözlərini Xocalı faciəsinə verilən ən yüksək qiymət kimi dəyərləndirib. M.Babayev işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində erməni qəsbkarlarından azad olunacağına əminliyini ifadə edib.
Tədbirdə, həmçinin Sumqayıt şəhər bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev, şəhər 11 nömrəli tam orta məktəbin direktoru Ofelya Babayeva və başqaları çıxış edərək, faciənin ağır nəticələrindən, Xocalı soyqırımının dünyaya tanıdılmasında görülən işlərdən danışıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın yüzdən çox ölkəsində Xocalı soyqırımına həsr olunan çoxsaylı tədbirlər keçirilir. Çıxışlarda “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının soyqırımının və Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addım olduğu vurğulanıb.
Mərasimdə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Larisa Tarusovanın bədii rəhbərliyi ilə Bakı Uşaq Teatrının “Günay” uşaq studiyası tərəfindən “Cavab ver” bədii kompozisiyası nümayiş etdirilib.
Bədii kompozisiya AZƏRTAC-ın müxbiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında hazırlanıb.