QAN YADDAŞI
Sumqayıtlılar Xocalı şəhidlərinin xatirəsinə ucaldılan abidə-kompleksini ziyarət ediblər
Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Sumqayıtda anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qətlə yetirilən xocalılıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında insanlıq borcumuz olmaqdan əlavə, faciənin beynəlxalq miqyasda hüquqi-siyasi qiymət alması, insanlığa qarşı yönələn belə əməllərin təkrarlanmaması üçün mühüm şərtdir.
Çıxışlarda “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyəti də qeyd olunub.
Sonra mərasim iştirakçıları Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında Xocalıda həlak olanların xatirəsinə ucaldılan abidə-kompleksi önünə tər gül-çiçək dəstələri düzüblər.