REGİONLAR
Sumqayıtda bir qrup idmançıya xatirə hədiyyələri təqdim olunub
Sumqayıt, 5 mart, AZƏRTAC
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Sumqayıt Gənclər Evində şəhərin idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, dünya, Avropa yarışları, Olimpiya və Paraolimpiya Oyunlarının mükafatçıları, əməkdar məşqçilərin iştirakı ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə rəisi Elşən Baxşəliyev ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində atılan addımlardan, idmana göstərilən dövlət qayğısından, əldə olunan uğurlardan danışıb.
Qeyd edilib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini göstərib.
Çıxışlarda dövlətimizin başçısının idmançılara xüsusi həssaslıqla yanaşmasından, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrilməsindən danışılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Paralimpiya və Olimpiya İdman Kompleksinin, eləcə də 1 saylı Uşaq Gənclər İdman Məktəbinin açılışı Sumqayıt idmançılarına olan dövlət qayğısının əyani təzahürüdür.
Tədbirdə 2014-cü ildə dünya və Avropa yarışlarında yüksək nailiyyət əldə edən bir qrup idmançıya Şəhər Gənclər və İdman Baş İdarəsinin xatirə hədiyyələri təqdim olunub.