REGİONLAR
83 saylı Ağcabədi-Füzuli seçki dairəsi referenduma hazırdır
Ağcabədi, 24 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin seçki məntəqələri sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi – referenduma hazırdır.
Dairə seçki komissiyasının sədri Mübahir Nəsirov AZƏRTAC-a bildirib ki, dairənin əhatə etdiyi 42 məntəqədə 38616 seçici qeydiyyatdadır. Onlardan 293 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 443 nəfəri 80-100 yaş arasında, 7 seçicinin yaşı isə 100-dən yuxarıdır. 1 saylı seçki məntəqəsində qeydə alınmış 111 yaşlı Məmmədov İsgəndər dairə üzrə ən yaşlı seçicidir.
Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Seçkiləri izləmək üçün 415 müşahidəçi qeydə alınıb. 1, 2, 21, 23 saylı məntəqələrdə veb-kamera quraşdırılıb.
Dairənin tərkibinə daxil olan 1 saylı seçki məntəqəsi Ağcabədi rayonu Hindarx qəsəbə musiqi məktəbinin binasında yerləşir. Digər seçki məntəqələri kimi, bu məntəqədə də seçkiyə hazırlıq işləri yüksək səviyyədə təşkil olunub.
Məntəqə seçki komissiyasının sədri Əbülfəz Quliyev AZƏRTAC-ın müxbirinə bildirib ki, məntəqə üzrə 1249 seçici qeydə alınıb. Onlardan 41 nəfəri səsvermədə ilk dəfə iştirak edəcək gənclərdir. Seçici siyahıları, çağırış plakatları seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb. Məntəqə səsvermə kabinələri, səsvermə qutuları ilə təmin olunub. Prosesi izləmək istəyən müşahidəçilər üçün də hər cür şərait yaradılıb. Artıq bildirişlərin paylanılması da başa çatdırılıb.