REGİONLAR
Tur-aksiya iştirakçıları Kəngərli rayonunda olublar
Naxçıvan, 24 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının ikinci mərhələsinin iştirakçıları aksiyanın sonuncu günündə - martın 24-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda olublar.
AZƏRTAC xəbər verir ki, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn məktəblilərə rayonun qədim tarixi barədə məlumat verilib.
Qeyd olunub ki, muzeydə bölgənin qədim tarixini və mədəniyyətini əks etdirən 2 min 792 eksponat saxlanılır. Hazırda bunlardan 758-i nümayiş etdirilir. Muzey 2007-ci ildən fəaliyyət göstərir.
Kəngərli rayonundakı orta əsrlərə aid tarixi-memarlıq abidəsi olan Qarabağlar türbəsi ilə tanış olan məktəblilərə məlumat verilib ki, memarlıq kompleksinə daxil olan qoşa minarə XII əsrin sonu - XIII əsrin əvvəllərində tikilib. Onun üzərindəki kitabədə ərəb dilində yazılan sözlərdən məlum olur ki, abidə Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatının şərəfinə ucaldılıb.
Qarabağlar kənd 1 saylı tam orta məktəbi ilə tanışlıq da şagirdlərin marağına səbəb oldu. Dördmərtəbəli bu təhsil ocağı 648 şagird yerlikdir. Məktəbdə 5-i elektron lövhəli olmaqla 36 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları vardır. Gələn il 100 illik yaşını qeyd edəcək Qarabağlar kənd 1 saylı tam orta məktəbinin kitabxanası zəngin fonda malikdir. Burada 8 mindən çox dərslik və bədii ədəbiyyat mövcuddur.
Tur-aksiya iştirakçıları Naxçıvan şəhərindəki Gənclər Mərkəzi ilə də mərkəzlə tanış olublar. Ötən il istifadəyə verilən mərkəz 4 mərtəbədən ibarətdir. Binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe vardır. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.