REGİONLAR
Ağgöl Milli Parkına buraxılmış ceyranların sayında təbii artım müşahidə olunur
Ağcabədi, 2 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Ağgöl Milli Parkının ərazisinə müxtəlif vaxtlarda 21 baş ceyran buraxılıb. Aparılan müşahidələr nəticəsində hazırda bu ərazidə ceyranların sayının 40-a yaxın olduğu müəyyənləşdirilib. Həyata keçirilən monitorinqlər, aparılan tədqiqatlar sübut edir ki, ceyranların bu əraziyə yayılması və iqlimləşməsi prosesi uğurla davam edir.
Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyev AZƏRTAC-a bildirib ki, ceyranların təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə 2 nəzarət məntəqəsi tikilib, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış maarifləndirici və qadağanedici lövhələr yerləşdirilib. Milli parkın yaxınlığında yerləşən yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri də aparılır. Görülən tədbirlər ceyranların sayının artmasına əlverişli şərait yaradır.
Qeyd edək ki, Heydər Əliyev Fondu, IDEA və Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2010-cu ildən başlayaraq “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi həyata keçirilir.