REGİONLAR
“Azərikimya” İstehsalat Birliyinin kollektivi Sumqayıtın ekoloji mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verir
Sumqayıt, 8 aprel, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin müəssisələrində növbəti iməcilik keçirilib. İməcilikdə Etilen-polietilen zavodunun, Təmir-tikinti idarəsinin və Birliyin İdarəetmə aparatının kollektivləri iştirak ediblər.
İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iməcilikdə Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonası üçün ayrılmış və bioremediasia üsulu ilə təmizlənmiş 4 hektarlıq ərazisində 1000 ədəd Şərq çinarı, nar, melya, həmişəyaşıl sərv, şam, əncir, ərik, gilanar, badam, xurma və digər növ ağaclar əkilib.
Birlik rəhbərliyinin də iştirak etdiyi iməciliklərdə Etilen-polietilen zavodunun əməkçiləri müəssisənin “EP – 300” və “Polimir – 120” istehsalat sahələrində, Təmir-tikinti idarəsinin işçiləri isə yeni tikilmiş və bu yaxınlarda istifadəyə verilməsi planlaşdırılan sənaye-sanitar laboratoriyasının həyətində əvvəlki iməciliklər zamanı əkilmiş ağaclara aqrotexniki qulluq göstəriblər.
Qeyd edək ki, ötən ilin payız iməcilikləri də daxil olmaqla, bugünə qədər bioremediasia sahəsində kimyaçılar tərəfindən 7000 ədəd müxtəlif növ ağac əkilib. Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına xidmət edən iməciliklərin aprel ayının sonunadək davam etdirilməsi nəzərdə tutulub.