CƏMİYYƏT
Ümummilli Liderin ad günü ərəfəsində “Heydər zirvəsi”nə yürüş etmək istəyənlərin qeydiyyatına start verilib
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan xalqı, xalqımızın və dövlətçiliyimizin dоstları iyirminci əsrin ən görkəmli siyasətçisi və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini böyük iftixar hissi və ehtiramla xatırlayır. Hər il ümummilli lider Heydər Əliyevin ad günü həm də “Heydər zirvəsi”nə kütləvi yürüşlərin təşkili ilə yadda qalır. Artıq belə kütləvi yürüşlər xoş bir ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən, müəssisə, idarə və təşkilatlardan bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir. Yürüşlərin daha da kütləviləşməsi, mütəşəkkilliyin və yürüş edənlərin təhlükəsizliyinin təmin olunması üçün “Heydər zirvəsi”nə nəzərdə tutulan kütləvi yürüşlə bağlı təşkilati məsələləri yüksək səviyyədə həyata keçirmək məqsədilə bu il də Təşkilat komitəsi yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a bildiriblər ki, mayın 1-dən 12-dək Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə müəyyən olunmuş marşrut üzrə təşkil olunacaq kütləvi yürüşün iştirakçıları ETSN-in müvafiq əmri ilə birdəfəlik giriş haqqından azad edilib.
Yürüşə qoşulmaq arzusunda olan bütün iştirakçılar, eyni zamanda hüquqi və fiziki şəxslər mayın 1-dək sənədlərini Təşkilat komitəsinə təqdim etməlidirlər. Yürüşlə bağlı bütün məlumatları Təşkilat komitəsindən almaq mümkündür (ünvan: Şabran rayonu, Şahdağ Milli Parkının Baş ofisi, tel: (+994)-23-353-66-63, (+994)-50-233-01-22, (+994)-55-243-60-30, faks: (+994)-23-353-66-63, e-mail: [email protected]).