ELM VƏ TƏHSİL
Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının model layihəsinə başlanılıb
Bakı, 18 aprel, AZƏRTAC
Bakıdakı 269 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi, “Bakcell” şirkəti, Britaniya Şurası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan TOPs - Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının model layihəsinə həsr olunan tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi ümumtəhsil məktəblərində fiziki tərbiyə fənni üzrə təhsilverənləri müasir təhsil texnologiyası ilə təmin etməkdir. Belə bir metodun tətbiqi, eyni zamanda, təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqinə nail olmağa imkan verəcəkdir.
Layihə pilot olaraq Bakıdakı 138, 269 və 220 nömrəli tam orta məktəblərdə həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhərində hədəf məktəblərdən seçilmiş 25 nəfər fiziki tərbiyə müəllimi beynəlxalq və yerli mütəxəssislər tərəfindən müasir və innovativ təlim metodu olan TOPs proqramı üzrə beşgünlük təlimlərə cəlb olunub. İlk idman festivalında 100-dən çox şagird iştirak edib. Onlar müxtəlif idman növləri üzrə mübarizə aparıb, rəqs və musiqi nömrələri təqdim ediblər.
Sonra məktəbin fiziki tərbiyə müəllimləri tərəfindən V, VI, VIII və X siniflərdə “açıq dərs”lər keçirilib.