REGİONLAR
Kimyaçılar Sumqayıtda 10 minə yaxın ağac əkiblər
Sumqayıt, 19 aprel, AZƏRTAC
Yeni yaşıllıq zolaqlarının salınmasına, sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına xüsusi önəm verən “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində növbəti şənbə iməciliyi keçirilib. Budəfəki iməciliyə kimyaçılarla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və Ekologiya İdarəsinin əməkdaşları da qatılıb.
AZƏRTAC xəbər verir ki, iməcilikdə etilen-polietilen zavodundan, təmir-tikinti idarəsindən və Birliyin idarəetmə aparatından ümumilikdə 500 nəfər iştirak edib.
Böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik zamanı ümumilikdə 1350 ədəd olmaqla - 1200 şərq çinarı, nar, həmişəyaşıl sərv, şam, əncir, ərik, gilənar, badam, xurma və digər ağaclar əkilib. Həmçinin etilen-polietilen zavodunun bütün istehsalatlarının ərazisində ümumilikdə iki hektara yaxın sahə alaq otlarından təmizlənib. Bundan başqa, əvvəlki iməciliklər zamanı əkilmiş minlərlə ağaca aqrotexniki qulluq göstərilib, dibləri bellənib, gövdələri əhənglənib, abadlıq işləri aparılıb.
Ötənilki payız iməciliklərindən etibarən Birlik ərazilərində kimyaçılar tərəfindən 10 minə yaxın müxtəlif növ ağac əkilib. Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına xidmət edən iməciliklərin aprelin sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.