İDMAN
Almaniya Milli Olimpiya Komitəsi ilk Avropa Oyunlarında iştirak edəcək idmançıların adlarını açıqlayıb
Bakı, 25 aprel, AZƏRTAC
Almaniya Milli Olimpiya Komitəsi “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək idmançıların adlarını açıqlayıb.
AZƏRTAC “Bakı–2015”ə istinadla xəbər verir ki, Almaniyanın ilk Avropa Oyunlarına 267 idmançı ilə qatılacağı gözlənilir.
Almaniya komandasının rəhbəri Dirk Schimmelpfennig deyib ki, birinci Avropa Oyunları iştirakçılara “Rio-2016” Olimpiya Oyunlarına birbaşa kvalifikasiya verən idman yarışı olacaq və buraya stolüstü tennis, atıcılıq və triatlon yarışları aiddir. Bundan əlavə, Avropa Oyunları “Rio-2016” üçün kvalifikasiya mövqeyi və ya sıralama xalları verəcək bütün idman növləri üçün xüsusi önəm daşıyır.
Almaniya komandasının üzvləri ilk Avropa Oyunlarında kamandan oxatma, badminton, boks, avarçəkmə, velosiped idmanı, üzgüçülük, qılıncoynatma, gimnastika, cüdo (gözdən əlillər), karate, atıcılıq, taekvondo, stolüstü tennis, triatlon, su polosu, voleybol və güləş idman növlərində birincilik uğrunda yarışacaqlar.
Komandanın heyətinə stolüstü tennis üzrə Olimpiya Oyunlarının mükafatçıları Dimitriy Ovtçarov, Timo Boll, avarçəkmə üzrə Olimpiya və 13 qat dünya çempionu Ronald Rauheni, idman gimnastikası üzrə ikiqat Olimpiya medalçısı və sabiq dünya çempionu Fabian Hambüchen daxildir.