İQTİSADİYYAT
Mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır
Bakı, 25 aprel, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır. Məqsəd mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və monitorinqinin aparılması, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsidir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elektron məlumat sistemini (informasiya resursunu) xüsusi proqram kompleksi təşkil edəcək. Bu proqram mədəniyyət sahəsindəki məlumat bazalarının sistemli formada birləşdirilməsini, bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə və təhlükəsizliyinin təmin olunmasını, sistem üzrə axtarışların aparılmasını, digər funksional əməliyyatların həyata keçirilməsini təmin edəcək. Mədəniyyət sahəsinə dair məlumat bazası elektron məlumat sisteminin mərkəzi serverində yerləşəcək. Dövlət orqanları, hüquqi və fiziki şəxslər elektron məlumat sistemindən məlumat almaq üçün bilavasitə elektron məlumat sisteminin inzibatçısına sorğu vasitəsilə müraciət edəcəklər. Daxil olan sorğu inzibatçı tərəfindən öyrənilərək 7 iş günü müddətində onun icrası təmin olunacaq.