REGİONLAR
Oftalmologiya elmində peşə xəstəlikləri probleminin öyrənilməsi akademik Zərifə Əliyevanın adı ilə bağlıdır
Naxçıvan, 27 aprel, AZƏRTAC
Dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanın adı həm alim, həkim, ictimai xadim, həm də pedaqoq kimi hər bir insanın qəlbində yaşayır. O, eyni zamanda, böyük filosof, gözəl natiq idi. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri ilə bağlı oxuduğu çoxsaylı mühazirələr bunu bir daha sübut edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən lektoriyada səsləndirilib.
Lektoriyada çıxış edən Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyətindən bəhs edərək bildirib ki, görkəmli alim bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapıb. Bu kitab, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün əsas elmi mənbədir. Zərifə xanım nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də ciddi məşğul olub, həmin sahəyə dair iki monoqrafiya hazırlayıb. Bu monoqrafiyalardan “İridodiaqnostikanın əsasları” Bakıda, “İridodiaqnostika” isə Moskvada nəşr olunub. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyub. Bu mənada oftalmologiya elmində peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanımın adı ilə bağlıdır.
Qeyd olunub ki, görkəmli alim elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlayıb. Onun bu sahədəki ciddi axtarışları dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasındadır. Akademik uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb, “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı qiymətli monoqrafiyalar yazıb.
Sonra lektoriya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.