DÜNYA
Kipr türkləri birləşmiş federativ Kiprə səs veriblər
Bakı, 27 aprel, AZƏRTAC
Şimali Kiprdə keçirilən prezident seçkilərində müxalifət lideri Mustafa Akıncı qalib gəlib. O, seçkilərin 2-ci turunda 60,3 faiz səs toplaya bilib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Mustafa Akıncı Cənubi Kipr Respublikası ilə sülh danışıqlarının tezliklə bərpa edilməsinə söz verib. Adanın birləşdirilməsinə dair danışıqlar keçən ilin oktyabr ayında dayandırılmışdı.
Kiprin birləşdirilməsi planı federativ dövlət daxilində adanın yunan və türk hissələrinin bərabər statusa malik olmasını nəzərdə tutur.
Cənubi Kipr Respublikasının prezidenti Nikos Anastasiadis Mustafa Akıncının qələbəsini ümidverici hadisə olduğunu və onunla tez bir zamanda görüşmək istədiyini bildirib.
Öz xələfindən və seçkilərdəki rəqibi Dərviş Eroğludan fərqli olaraq Kipr türklərinin yeni lideri Şimali Kiprin müstəqilliyini tanıyan yeganə dövlət - Türkiyənin himayəsinin azaldılmasının tərəfdarıdır. Buna baxmayaraq, seçicilər qarşısında çıxış edən Mustafa Akıncı Türkiyə ilə münasibətlərin korlanmayacağını da qeyd edib.