MƏDƏNİYYƏT
Görkəmli kino və teatr aktyoru Muxtar Avşarovun xatirəsi anılacaq
Bakı, 28 aprel, AZƏRTAC
Mayın 1-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kino və teatr aktyoru, xalq artisti Muxtar Avşarovun 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək,
sənət dostlarının xatirələri dinlənəcək.
Film Fondundan AZƏRTAC-a bildirilib ki, təkrarolunmaz yaradıcılığı ilə Azərbaycan teatr və kino sənətinin inkişafına təkan verən istedadlı sənətkarlarımızdan olan Muxtar Avşarov ömrünün 60 ilini sənətə həsr edib.
Səhnəyə, kinoya qədəm qoyduğu ilk vaxtlardan ömrünün sonunadək sənətdə peşəkarlıq nümayiş etdirən M.Avşarov istər müsbət, istərsə də mənfi rolları ilə sənət bilicisi olduğunu təsdiqləyib. Sənətə təsadüfi gəlmədiyini hər bir ifası ilə təsdiqləyib. İstedadlı aktyor ona həvalə olunan personajları sevgi ilə qəbul edər, bənzərsiz mizanlar axtarar, böyük və kiçikliyindən asılı olmayaraq rolları özünəməxsus ifa maneraları, təbii boyalarla təqdim edərdi.
İlk dəfə peşəkar səhnəyə C. Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolu ilə çıxan Muxtar Avşarov
C. Cabbarlı adına Dram Teatrın səhnəsində yüzdən artıq tamaşada rol oynayıb. Xarakterik rolların məharətli ifaçısı olduğuna görə 1968-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alıb, 1990-cı ilin sonlarınadək burada çalışıb.
Muxtar Avşarov kinoda fərdi istedadını H.Seyidzadənin 1965-ci ildə çəkdiyi “Yenilməz batalyon” filmində Rəis rolu ilə təsdiqləyib. Bundan sonra o, bir-birinin ardınca filmlərə çəkilib. “Dəli Kür” filmində Allahyarın dostu, “Gilas ağacı”nda Səftərəli, “Qızıl uçurum”da arabaçı, “Qanlı zəmi”də iranlı zabiti, “Kişi sözü”ndə Ələmdar və başqa yaddaqalan rollar yaradıb.
Ömrünü sənətə sərf edən aktyor 1992-ci ildə Bakı Bələdiyyə Teatrında çalışıb. Teatrda işlədiyi müddətdə bir çox tamaşalarda maraqlı, rəngarəng obrazlar yaradıb. Sənətdə göstərdiyi xidmətlərə görə 1960-cı ildə respublikanın əməkdar, 2002-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Realist yaradıcılığı, müsbət şəxsi keyfiyyətləri ilə yaddaqalan Muxtar Avşarov 2004-cü il dekabrin 1-də dünyasını dəyişib.