İQTİSADİYYAT
Almaniyanın nufuzlu qəzetində alman şirkətlərinin Azərbaycana səfəri barədə məqalə dərc olunub
Berlin, 29 aprel, AZƏRTAC
Almaniyanın nüfuzlu "Thüringische Landeszeitung" qəzetində dərc olunan "Türinqen iqtisadiyyatı Azərbaycanda tərəfdaşlar axtarır" başlıqlı məqalədə (http://www.tlz.de/web/zgt/wirtschaft/detail/-/specific/Thueringer-Wirtschaft-sucht-Kontakte-in-Aserbaidschan-184181312) bu ölkənin Türinqen federal torpağında yerləşən şirkətlərin nümayəndələrinin Azərbaycana səfəri barədə məlumat verilir.
Məqalədə bildirilir ki, səfər Türinqen federal torpağının İqtisadiyyat Nazirliyinin tapşırığı ilə yerli İnkişaf Cəmiyyəti tərəfindən təşkil olunub. Səfərdə iştirak edən İnkişaf Cəmiyyətinin icraçı direktoru Andreeas Krey bildirib ki, Şərq və Qərbin qovuşuğunda yerləşən Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı alman iş adamları üçün bir çox imkanlar açır. Səfərin məqsədi Azərbaycanın istehsal imkanlarına nəzər salmaq, yerli şirkətlərlə tanış olmaq və ölkəmizdə iş tərəfdaşları tapmaqdır.
Məqalədə o da diqqətə çatdırılır ki, ümumilikdə səfərdə Almaniyanın on şirkətinin nümayəndəsi iştirak edib. Bu şirkətlər tikinti sektorunda, maşınqayırma, kimya, ətraf mühit texnikası və tibbi avandanlıq sahələrində tərəfdaş ola bilərlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin