REGİONLAR
Sumqayıtda insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir təşkil olunub
Sumqayıt, 1 may, Ətrabə Rzayeva, AZƏRTAC
Mayın 1-də Sumqayıtın Tarix Muzeyində insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının müvafiq bəndlərinin icrası məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Lalə Hacıyeva mövzunun əhəmiyyətindən və aktuallığından danışdı.
Sonra mövzu ilə bağlı qısametrajlı “Günahkarlar, yoxsa günahsızlar”, “Satılmış həyat” filmləri nümayiş olundu.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əsgərzadə “İnsan alveri qurbanına çevrilməyək!” mövzusunda təqdimatla çıxış etdi.
Komitənin sədr müavini Sədaqət Qəhrəmanova insan alveri və onun ağır fəsadları, Azərbaycanda insan alverinə qarşı həyata keçirilən tədbirlər barədə danışdı. O, görüş iştirakçılarına insan alverinə qarşı mübarizənin mahiyyəti, formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə məlumat verdi.
Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi, Daxili İşlər Nazirliyinin insan alverinə qarşı Mübarizə Baş İdarəsinin polis mayoru Fizuli Qurbanov, Sumqayıt şəhər polis idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəis müavini Zakir Məmmədov və digərləri insan alverinin ağır nəticələrindən bəhs etdilər.
Çıxış edənlər xüsusilə qadın və azyaşlı uşaqların insan alveri qurbanı olması riskindən söhbət açaraq, belə tədbirlərin zəruriliyini və əhəmiyyətini diqqətə çatdırdılar.
Sonda mövzu ətrafında müzakirələr aparıldı, tədbir iştirakçılarına bukletlər paylanıldı.