SİYASƏT
İordaniyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan-İordaniya Dostluq Cəmiyyəti, ölkəmizin Əmmandakı səfirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə tərəfdaşlığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sülhə və təhlükəsizliyə təhdidlər” mövzusunda “dəyirmi masa” keçirilib.
İordaniya Elm və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə bu ölkədən 50-dək yazıçı, siyasətçi, deputat, dövlət xadimi, keçmiş səfir iştirak edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və qurumun məsləhətçi-eksperti Kamal Qasımov “dəyirmi masa”da məruzələrlə çıxış ediblər və iştirakçıların suallarını cavablandırıblar.
Gülşən Paşayeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək, iştirakçıların diqqətini bu problemlə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələrə Ermənistanın məhəl qoymamasına yönəldib. Münaqişənin Cənubi Qafqazın təhlükəsizliyinə təhdid olduğunu qeyd edən məruzəçi onun danışıqlar vasitəsilə həll edilməsi üçün Ermənistana qarşı müvafiq sanksiyaların tətbiqinin zəruriliyini vurğulayıb.
Kamal Qasımov isə münaqişə nəticəsində Azərbaycanın maddi və mənəvi baxımdan məruz qaldığı çətinliklər barədə faktları diqqətə çatdırıb. O, işğal edilmiş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixi abidələrinə dəymiş zərər haqqında məlumat verib.
Azərbaycan-İordaniya Dostluq Cəmiyyətinin üzvləri, İordaniya Elm və Mədəniyyət Mərkəzinin sədri Marvan əl-Hamud, deputatlar Məhəmməd əl-Səqur və Nazim Qəşu, keçmiş daxili işlər naziri Samiyr Həbəşna, sabiq xarici işlər naziri Kamil Abu Cabir, İordaniya Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Adil Adailəh, Petra Universitetinin professoru Müvaffaq Əl-Ajluni və ərəb dilində yazılmış “Dağlıq Qarabağ və beynəlxalq hüquq” kitabının müəllifi Ömər əl-Ərmuti çıxışlarında İordaniya ilə Azərbaycan arasında iqtisadi, siyasi və ictimai sahələrdə əlaqələrin daha da genişləndirilməsi məsələlərindən söhbət açıblar. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin yeganə yol olduğunu bildirən natiqlər Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini pisləyiblər.
Tədbir İordaniyanın yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.