REGİONLAR
Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin Göygöldə xatirə lövhəsinin açılışı olub
Göygöl, 22 may, Sabir Əliyev, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hərbi xadim, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Xan Naxçıvanski dağında sərkərdə yubileyi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşlarının və Göygöl rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.
Sonra Göygöl rayonunda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksi önünə gül dəstələri qoyulub, təzə salınmış “Qələbə parkı”nda gəzinti olub.
Tədbiri Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani açaraq Cəmşid Naxçıvanskinin keçdiyi şərəfli döyüş yolundan, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətdən və milli hərb sənəti tarixinə verdiyi töhfələrdən danışıb. Bildirilib ki, onun ölkədə yüksək ixtisaslı hərbçi kadrların hazırlanmasında böyük xidmətləri olub. Lakin görkəmli sərkərdə 1930-cu illərin ağır repressiyasına məruz qalaraq, totalitarizmin qurbanına çevrilib.
Diqqətə çatdırılıb ki, 1918-1920-ci illərdə Göygöl rayonu ərazisindəki hündür təpələrdən birində Cəmşid Naxçıvanskinin komanda-müşahidə məntəqəsi olub və bu gün də əhali həmin təpəni “Xan Naxçıvanski dağı” adlandırır.
Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Mehman Baxışov çıxış edərək Cəmşid Naxçıvanskinin Azərbaycanın hərb tarixində göstərdiyi misilsiz xidmətlərindən danışıblar.
Sonra vaxtilə Cəmşid Naxçıvanskinin komanda-müşahidə məntəqəsi olmuş hündür təpədə onun xatirə lövhəsi açılıb.
Sonda ədəbi-bədii proqram nümayiş etdirilib.