REGİONLAR
Fərqlənən şagirdlər mükafatlandırılıblar
İsmayıllı, 23 may, AZƏRTAC
İsmayıllıda cari təhsil ilində müxtəlif yarışlarda qalib gələn istedadlı şagirdlər və onların müəllimləri, məktəb komandaları və məşqçi-müəllimlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşü rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq dövlətin təhsil, gənclər və idman siyasətindən, İsmayıllıdakı təhsil ənənələrindən və onun uğurlarından danışıb. Natiq rayonda həyata keçirilən “İsmayıllının elektron turizm portalı” layihəsinin, müxtəlif idman növləri üzrə federasiyaların rayon filiallarının təsis edilməsinin əhəmiyyətindən, uğurlu nəticələrdən bəhs edib.
Rayon təhsil şöbəsi müdirinin müavini Rahim Baxışov çıxış edərək cari dərs ilində təhsildə, müxtəlif nominasiya və yarışlarda, müsabiqələrdə şagirdlərin və məktəb komandalarının qazandıqları uğurlar barədə məlumat verib.
Tədbirdə respublika gənclər və idman nazirliyinin keçirdiyi “Şahin” hərbi idman oyunlarında respublika üzrə III yeri tutan şəhər 6 saylı tam orta məktəbin komandasına, həndbol üzrə VIII Respublika spartakiadasında III yeri tutan İvanovka kənd tam orta məktəbin qızlardan ibarət komandasına, 13 yaşlı futbolçu qızlar arasında keçirilən respublika birinciliyində çempion adını qazanan Hacıhətəmli kənd tam orta məktəbin komandasına, fənn olimpiadalarının, şahmat yarışlarının, rəsm və inşa yazı müsabiqələrinin, habelə digər bilik yarışlarının və intellektual oyunların respublika miqyaslı qaliblərinə mükafatlar, medallar, hədiyyələr və diplomlar təqdim olunub.