ELM VƏ TƏHSİL
Heydər Əliyev Mərkəzində azərbaycanlı tələbələr üçün əmək yarmarkası keçirilib
Bakı, 23 may, Pərvanə İmanova, AZƏRTAC
Mayın 23-də Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”), “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə azərbaycanlı tələbələr üçün əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, yarmarkanın açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov tədbirin keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib.
M.Cabbarov vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında 2013-cü il 24 oktyabr tarixli Sərəncamı, Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı dövlətimizin başçısının 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Fəaliyyət Planı növbəti illərdə bu sahədə prioritetləri müəyyənləşdirən mühüm sənədlərdir.
Əmək bazarı ilə ali təhsil müəssisələrini bir araya gətirən yarmarkanın əhəmiyyətindən söz açan təhsil naziri bildirib ki, əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təminat imkanlarının genişləndirilməsinə yönəlib.
M.Cabbarov bu əmək yarmarkasının əvvəlkilərdən fərqli qaydada təşkil olunduğunu söyləyib. Belə ki, əvvəl işəgötürənlərlə tələbələr arasında əlaqə yaradılıb, şirkət nümayəndələri ilə görüşlər təyin olunub. İlk dəfə yaradılan bu imkandan bəhrələnmək üçün ölkəmizin bütün bölgələrindən 2.700-dən çox tələbə proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçib. Sərgidə 600-dən çox məzun və tələbə burada təmsil olunan şirkətlərin nümayəndələri ilə müsahibədə iştirak edəcək.
Əmək yarmarkasının ənənəvi olaraq hər il keçiriləcəyini vurğulayan M.Cabbarov bunun gələcəkdə məzunların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına müsbət təsir göstərəcəyini söyləyib.
Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva təmsil etdiyi qurumun ölkəmizdə 1996-cı ildən fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, “AmCham Azerbaijan” ölkəmizdə fəaliyyət göstərən, müxtəlif sahələrdə təmsil olunan 300-dək yerli və xarici işəgötürəni özündə birləşdirir və ölkənin əmək bazarının inkişafı bizim üçün çox vacib məsələlərdəndir. Bu qurum Azərbaycan dövləti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir, ölkə iqtisadiyyatının davamlı inkişafı üçün müxtəlif tədbirlər həyata keçirir.
Tədbirdə Heydər Əliyev Mərkəzinin aparat rəhbəri Məhəmməd Abdullayev çıxış edərək Azərbaycanda dövlət tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd olunub ki, bu sahədə həyata keçirilən islahatlar və dövlət proqramları azərbaycanlı gənclərin zəngin biliklərə yiyələnməsinə, onların savadlı mütəxəssis kimi yetişməsinə yönəlib. Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyən M.Abdullayev ölkəmizdə gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında fəal iştirak etdiklərini, onların məşğulluq məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Vurğulanıb ki, məhz Ulu Öndərin təşəbbüsü ilə gənclərin hərtərəfli inkişafına yönələn dövlət proqramları təsdiqlənib və uğurla icra olunub. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, onların dünya birliyinə inteqrasiyası, gəncliyin potensialından düzgün istifadə olunması daim diqqət mərkəzində saxlanılır. Cəmiyyətimizdə bərabər təhsil imkanlarının yaradılmasını, gənclərin zəngin biliklərə yiyələnmələrini, Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyasını daim prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu yarandığı gündən bir sıra uğurlu layihələri həyata keçirib. Heydər Əliyev Mərkəzi də elm və təhsilin inkişafına yönələn müxtəlif layihələrə imza atıb və müxtəlif tədbirlərə ev sahibliyi edib. Bu layihələrin məqsədi azərbaycanlı gənclərin savadlı və sağlam, gələcəkdə dövlətimizə və xalqımıza xidmət edəcək mütəxəssislər kimi hazırlanmasıdır.
Bildirilib ki, Heydər Əliyev Mərkəzində təşkil olunan əmək yarmarkası dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının parlaq nümunəsi kimi onların həyatında tarixi hadisəyə çevriləcəkdir.
“Britiş Amerikan Tobakko” şirkətinin nümayəndəsi Zviad Şvitaridze müsahibədə iştirak edəcək gənclərə uğurlar arzulayıb, onların yarmarkada öz ixtisaslarına uyğun iş tapacaqlarına ümidvar olduğunu söyləyib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq yerli və beynəlxalq şirkət iştirak edib. Onlar yarmarkaya 300-dən çox vakansiya barədə məlumatla qatılıblar.