CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti NISPAcee-nin Tbilisidə keçirilən beynəlxalq elmi konfransında iştirak edib
Tbilisi, 23 may, AZƏRTAC
Tbilisidə Mərkəzi və Şərqi Avropada Dövlət İdarəçiliyi İnstitut və Məktəbləri Şəbəkəsinin (NISPAcee) 23-cü beynəlxalq elmi konfransı keçirilib.
Dünyanın 30-dan çox ölkəsindən 300-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları təmsil ediblər.
Üç gün davam edən konfransda əsasən dövlətin idarə edilməsinin modernləşdirilməsi, problemlər və çağırışlar, dövlət maliyyəsinin idarə edilməsi, ictimai təşkilatlarda islahatların həyata keçirilməsi, ictimai xidmətlərin inkişafı və bir çox mühüm məsələlər müzakirə olunub.
Sonda NISPAcee-nin gələcək fəaliyyəti ilə bağlı səslənən təkliflər və qeyd edilən fikirlər əsasında tövsiyələr hazırlanıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərli konfransın xüsusi seminarında çıxış edərək Azərbaycanda vətəndaşlara xidmət sahəsində həyata keçirilən islahatlar, bu sahədə beynəlxalq əməkdaşlıq, xidmətin fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə “ASAN xidmət”in təqdimatı olub. Təqdimat zamanı Azərbaycanda “ASAN xidmət” modelinin hazırkı fəaliyyəti çərçivəsində dövlət xidmətlərinin göstərilməsi sayəsində mülki cəmiyyətin özəl dairələrin nümayəndələri ilə uğurlu əməkdaşlıq məsələləri xüsusi vurğulanıb.
A.Cəfərli AZƏRTAC-a müsahibəsində deyib: “ASAN xidmət”in fəaliyyəti barədə təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Onların bir çoxu bu modelin konsepsiyası, tətbiqi və təlimlərin həyata keçirilməsi, həmçinin kadr potensialının formalaşdırılması baxımından təcrübəmizə maraq göstərib. Xarici təşkilatlardan və dövlətlərdən bizə xeyli müraciət daxil olub”.
Konfransda dövlət idarələrində kadr islahatları, dövlət qulluqçularının seçilməsi, statusu, fəaliyyəti, onlara vətəndaşlarla işləmək qaydalarının öyrədilməsi və s məsələlər də müzakirə edilib.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sektor müdiri Fuad Mayılov deyib: “Konfrans iştirakçıları ölkəmizdə insan resurslarının idarə olunması, kadrların seçilməsi və digər məsələlərə maraq göstəriblər. Komissiyanın işinin düzgün təşkili, dövlət qulluqçularının işə qəbulu, etik davranış qaydalarının hazırlanması və tətbiqi sahəsində Azərbaycanın təcrübəsi xarici ekspertlərdə böyük maraq doğurub. Onlar gələn ay bu mövzuda Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcəklərini və ölkəmizin təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildiriblər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi