DÜNYA
Yaponiyanın Baş naziri Ukraynada Çernobıl AES-ə baş çəkməyi planlaşdırır
Tokio, 25 may, AZƏRTAC.
İyunun əvvəllərində Ukraynaya səfər etmək istəyən Yaponiyanın Baş naziri Şinzo Abe Çernobıl Atom Elektrik Stansiyasına (AES) baş çəkməyi də planlaşdırır.
Bu barədə Yaponiyanın NHK ictimai televiziyası məlumat yayıb.
Yaponiyanın Baş naziri G7-nin iyunun 7-8-də Bavariyada keçiriləcək sammitində iştirak etmək üçün Almaniyaya səfəri zamanı yolüstü Ukraynaya da baş çəkməyi nəzərdə tutur. Kanalın yaydığı məlumata görə, Ukraynada olacağı müddətdə Şinzo Abe 29 il əvvəl dəhşətli faciənin baş verdiyi Çernobıl AES-ə baş çəkmək istəyir.
Ötən il xarici işlər naziri Fumio Kişida Yaponiya hökumətinin ilk rəsmi nümayəndəsi kimi Çernobıl AES-də olub. Yaponiya “Fukusima-1” AES-də 2011-ci ilin martında baş vermiş qəzanın nəticələrini aradan qaldırarkən Çernobıl faciəsi zamanı əldə edilmiş təcrübədən maksimum yararlanmağa çalışır. Məhz sovet mütəxəssislərinin topladığı informasiyadan istifadə edən Yaponiya hökuməti qida məhsullarında radioaktiv maddələrin mümkün normasını müəyyənləşdirib, həmçinin Fukusima prefekturasında əhalinin tibbi müayinədən keçirilməsini təşkil edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio