MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının aktyorları Rusiyanın IX Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcəklər
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki istedadlı aktyoru – Günel Məmmədova və Eşqin Quliyev Rusiya Federasiyası (RF) Teatr Xadimləri İttifaqının və RF Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcəklər.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 1-dən 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində keçiriləcək yay teatr məktəbində ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Azərbaycan, Ukrayna, Polşa, Gürcüstan və ümumilikdə, dünyanın 20 ölkəsindən 81 nümayəndənin iştirakı nəzərdə tutulur.
Layihənin təlim proqramında gündəlik təcrübə ilə yanaşı, tanınmış teatr xadimlərinin ustad dərsləri də təşkil ediləcək. Ustad dərsləri yay teatr məktəbinin bədii rəhbəri, Rusiyanın xalq artisti Aleksandr Kalyagin, eləcə də Vyaçeslav Polunin, Sergey Jenovaç, Lev Dodin, Boris Konstantinov, İqor Zolotovitski və başqaları tərəfindən keçiriləcək.
RF Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi müxtəlif ölkələrdən olan gənc aktyorların təcrübə mübadiləsini təşkil etmək, yeni aktyor məktəbini inkişaf etdirmək və peşəkarlıq səviyyəsini artırmaqdır.
2007-ci ildən fəaliyyət göstərən Beynəlxalq Yay Teatr Məktəbində indiyədək dünyanın 40-dan artıq ölkəsindən 800-dək sənətçi təlim keçib.