SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə müstəsna yeri var
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə müstəsna yeri var.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri mayın 27-də ASC-nin sədr əvəzi Saleh Məmmədov 28 May – Respublika Günü münasibəti ilə keçirilən tədbirdə deyib.
S.Məmmədov bildirib ki, Şərqdə ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də qısa zaman ərzində dünya ölkələri tərəfindən tanınaraq, beynəlxalq hüququn subyektinə çevrilmişdi.
Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilib. Müstəqil Azərbaycan Respublikasının banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlamaqdadır: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varisçilik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik ”.
Saleh Məmmədov xüsusi olaraq vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Bu gün məhz ölkə başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz iqtisadi artım tempinə görə dünya dövlətləri arasında ön mövqelərə çıxaraq, regionun lider dövlətinə çevrilib.