REGİONLAR
“Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məşğələ
Naxçıvan, 28 may, AZƏRTAC
Bu gün 97 il öncə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın qabaqcıl dövlətləri sırasına yüksəlib. Artıq respublikamızın özünəməxsus sosial-iqtisadi inkişaf modeli əksər ölkələr tərəfindən nümunə kimi qəbul olunmaqdadır.
Naxçıvan Dövlət Universitetinin (NDU) Mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu barədə ali təhsil ocağında 28 May – Respublika Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda 193-cü məşğələsində danışılıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanılmasında, möhkəmləndirilməsində və daha da inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən ətraflı söhbət açıb. Azərbaycanın bütün sahələrdə uğurlu inkişafından da danışan rektor, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü sosial-iqtisadi siyasətin hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Məşğələdə “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzə ilə çıxış edən, Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar Müəllim Zəhmət Şahverdiyev ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda apardığı gərgin mübarizədən, gördüyü genişmiqyaslı işlərdən ətraflı söhbət açıb. O, milli dövlətçiliyimizin memarı və qurucusu olan Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılmasının, elmi əsaslarla öyrənilməsinin və təbliğinin ən vacib məsələlərdən biri olduğunu bildirib.