CƏMİYYƏT
Bolnisidə 28 May – Respublika Günü qeyd olunub
Tbilisi, 28 may, AZƏRTAC
Azərbaycanlıların yığcam yaşadıqları Gürcüstanın Bolnisi rayonunda hər iki ölkənin milli bayramlarına həsr olunmuş tədbir keçirilib.
Bolnisi Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayonda nəşr olunan, geniş oxucu kütləsinə malik “Ümid” qəzetinin redaktoru Əlixan Yəhyaoğlu və digər çıxış edənlər tarixən dost ölkələr olan Azərbaycanda və Gürcüstanda müstəqillik uğrunda mübarizənin tarixindən, qazanılan uğurlardan söz açıblar.
Çıxışlarda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə Gürcüstanın iştirakından, ölkələrimizin strateji əməkdaşlığından, siyasi-iqtisadi əlaqələrindən geniş bəhs olunub.
Tədbirdə rayonun Həsənxocalı məktəbinin 8-ci sinif şagirdləri Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun gürcü dilinə tərcümə edilmiş şeirlərini səsləndiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi