İDMAN
Birinci Avropa Oyunlarının Beynəlxalq Yayım Mərkəzinə media tur təşkil olunub VİDEO
Bakı, 28 may, Səxavət Quliyev, AZƏRTAC
Mayın 28-də “Bakı-2015” birinci Avropa Oyunlarının Beynəlxalq Yayım Mərkəzinə media tur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə obyektin baş meneceri Sergio Raventos Rodenas mərkəzdə həyata keçirilən işlər barədə məlumat verib. Bildirib ki, iyunun 1-dən fəaliyyətə başlayacaq mərkəzdə yerli və əcnəbi şəxslərdən ibarət min nəfərlik heyət çalışacaq. Buradan siqnal dünyanın 150 ölkəsinə ötürüləcək. Mərkəzdə brifinq, montaj otaqları, eləcə də media nümayəndələrinin rahat işləyə bilmələri üçün xüsusi otaqlar fəaliyyət göstərəcək. Yüksək keyfiyyətli yayım bütün dünyaya Beynəlxalq İdman Yayımı şirkəti tərəfindən ötürüləcək. Əsas siqnalın yaranacağı baş yoxlama otağında isə işlər artıq tamamlanmaq üzrədir.
Sonra Sergio Raventos Rodenas mərkəzin fəaliyyəti barədə məlumatları xəritə vasitəsilə media nümayəndələrinin diqqətinə çatdırıb.
Xaricdən böyük texniki heyətin gəldiyini bildirən Beynəlxalq İdman Yayımı şirkətinin baş idarə heyətinin üzvü Qustava Karrera hazırlığın yüksək səviyyədə getdiyini bildirib. O deyib: “Biz birinci Avropa Oyunlarının həyəcanını bütün dünyaya yüksək səviyyədə təqdim edəcəyik. Onlar öz evlərində oturaraq birinci Avropa Oyunlarını izləyə biləcəklər. Əsas məqsədimiz isə tamaşaçılara yüksək səviyyəli yayım təqdim etməkdir. Ümid edirəm ki, təkcə Avropanın deyil, digər qitələrin nümayəndələri də “Bakı-2015”i izləməklə bu mötəbər yarışdan zövq alacaqlar”.