İQTİSADİYYAT
Yeni Yaşma Külək Parkı işə salınıb
Bakı, 28 may, Nihat Budaqov, AZƏRTAC
Mayın 28-də Xızı rayonundakı Yeni Yaşma Külək Parkının 2,5 meqavatlıq bir külək turbini istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, layihə gücü 50 meqavat olan külək parkındakı bütün stansiya Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən tam sınaqdan keçirilib.
Böyük miqyaslı bu layihənin ilkin olaraq işlək vəziyyətə gətirilən külək turbini külək enerjisindən elektrik enerjisi istehsal edərək ümumi elektrik şəbəkəsinə ötürməyə başlayıb. Qısa müddətə külək parkı tam gücü ilə respublikamızın ümumi enerji şəbəkəsinə qoşulacaq.
Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu uğur da şübhəsiz, Prezident İlham Əliyevin həmin sahəyə xüsusi diqqət və qayğısının nəticəsidir. Prezidentin alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına önəm verməsinin nəticəsidir ki, bu gün Azərbaycanın özünəməxsus enerji strategiyası var.
Respublikamızın karbohidrogen enerji resursları ilə zəngin olmasına baxmayaraq, alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerji ilə milyonlarla kubmetr qaza qənaət olunacaq. Ötən il ərzində ölkədə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub ki, nəticədə 500 milyon kubmetr qaza qənaət edilib.