SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü Romada da qeyd edilib VİDEO
Roma, 29 may, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən Roma şəhərində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Qəbulda İtaliya parlamentinin üzvləri, Nazirlər Şurasının, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının, biznes dairələrinin, elm-tədqiqat və təhsil ocaqlarının, yerli mətbuat orqanlarının, Romadakı diplomatik korpusun nümayəndələri, eləcə də bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Çıxış edən səfir Vaqif Sadıqov 97 il bundan əvvəl müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından, onun tarixindən və əldə etdiyi nailiyyətlərindən danışıb. Qeyd edib ki, AXC Azərbaycan dövlətçilik tarixinin ən önəmli səhifəsidir. Bu tarixi mərhələdə bir çox önəmli addımlar atılıb, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququ verilib, ölkədə çoxpartiyalı sistem hökm sürüb, müsəlman qızlar üçün ilk məktəb qurulub, Şərqdə ilk balet və opera yaradılıb.
Səfir qeyd edib ki, 1991-ci ildə müstəqilliyinin bərpasından sonra Azərbaycan sürətlə inkişaf edərək Cənubi Qafqazda iqtisadi cəhətdən ən güclü dövlətə çevrilib. Bütün tarixi dövrlərdə Azərbaycan ilə Avropa arasında yüksək səviyyəli əlaqələr mövcud olub. Azərbaycanda demokratik inkişaf, qanunun aliliyi, yüksək səviyyəli idarəçilik, insan haqları sahələrində çox böyük irəliləyişlərə nail olunub. Hazırda bütün dünya Azərbaycanı həm də multikultural və multikonfessional ölkə kimi tanıyır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan V.Sadıqov diqqətə çatdırıb ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən müvafiq qərar və sənədlər əsasında həllinin tərəfdarıdır. Ölkəmiz üçün beynəlxalq birliyin, o cümlədən İtaliyanın bu problemin həlli istiqamətindəki dəstəyi önəmlidir.
Azərbaycan-İtaliya münasibətləri barədə məlumat verən səfir vurğulayıb ki, iki ölkə arasında həm qarşılıqlı, həm də çoxtərəfli əlaqələr inkişaf edir. Xeyli sayda İtaliya şirkəti Azərbaycanda qeyri-neft sektoruna maraq göstərir və bu əlaqələr hər il genişlənir. Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik (TAP) boru kəməri layihəsinin icrası ilə bu əlaqələr yeni səviyyəyə yüksələcək. O deyib: “Mədəni əlaqələrimiz də yüksək səviyyədədir. Hər iki ölkənin təşəbbüsü ilə birgə önəmli mədəni layihələr həyata keçirilir. Hazırda Azərbaycan İtaliyada təşkil olunmuş “Milan Expo-2015” və 56-cı “Venesiya Biennalesi” beynəlxalq sərgilərində təmsil olunur”.
Bakıda keçiriləcək ilk Avropa Oyunlarından danışan V.Sadıqov bildirib ki, yarışda bir çox Avropa ölkələri kimi İtaliya da geniş nümayəndə heyəti ilə təmsil olunacaq. Bütün bu tədbirlər italiyalıların Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı ilə yaxından tanış olmalarına şərait yaradır.
Rəsmi qəbulda “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib, Azərbaycan və İtaliya musiqiləri səsləndirilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma