MƏDƏNİYYƏT
Azərbaycanın incəsənət ustaları Türkmənistanda konsert proqramı ilə çıxış ediblər
Bakı, 29 may, AZƏRTAC
Azərbaycanın iki sevilən xanəndəsi - əməkdar artist Təyyar Bayramov və Gülay Zeynallı 28 may - Respublika Günü münasibətilə Türkmənistanın paytaxtı Aşqabadda geniş konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, konsert Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadənin təşəbbüsü ilə reallaşıb. İki saatdan artıq davam etmiş konsert barədə təəssüratlarını bölüşən Gülay Zeynallı deyib: “Çıxışımız Türkmənistanda yaşayan həmyerlilərimiz üçün bayram oldu. Səhnədə bizi tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusubov müşayiət etdi. Hər ikimizin çıxışı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Həm Təyyarın, həm də öz adımdan sənətimizə yüksək dəyər verən insanlara təşəkkür edirəm. Yaşasın Azərbaycanımız”.