DÜNYA
Yozef Blatter Aİ-yə və ABŞ-a qarşı əks-hücuma keçib
Berlin, 30 may, AZƏRTAC
FİFA-nın başçısı vəzifəsinə beşinci dəfə seçilən Yozef Blatter bu gün İsveçrənin RTS telekanalının efirində onu tənqid edənləri şəxsən ona qarşı “nifrət kampaniyası” təşkil etməkdə təqsirləndirib. Onu istefaya getməyə çağıran UEFA-nın prezidenti Mişel Platininin ünvanına təhdidlərlə çıxış edən Y.Blatter bunu cavabsız qoymayacağına söz verib. FİFA-nın başçısı deyib: “Mən hər kəsi bağışlaya bilərəm, lakin mən heç nəyi unutmuram”.
SID agentliyi xəbər verir ki, Y.Blatter yenidən seçiləndən dərhal sonra işarə edib ki, FIFA-nın rəhbərliyində yerdəyişmələr edəcək və bu yerdəyişmələr Avropanın xeyrinə olmayacaq. Ekspertlərin fikrincə, FIFA başçısının hərəkətləri avropalıların mövqelərini zəiflətməyə və rəhbər orqanlarda onların təsirini azaltmağa yönəlib. Bununla da Y.Blatter korrupsiya qalmaqalından sonra onu istefa verməyə çağıran Avropa futbol ittifaqlarının, o cümlədən Almaniya Futbol İttifaqının mövqelərindən narazı qaldığını göstərib.
Y.Blatter telemüsahibədə bu yaxınlarda İsveçrədə FIFA funksionerlərinin həbs olunmasını Birləşmiş Ştatların 2022-ci ilin dünya çempionatını təşkil etmək hüququ uğrunda mübarizədə Qətərə uduzmasına görə Vaşinqtonun qisası ilə əlaqələndirərək, Amerika ədliyyə orqanlarını nüfuzdan salmağa çalışıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin