Parisdə ilk Avropa Oyunlarının açılışı ilə bağlı mərasim keçirilib
Paris, 13 iyun, AZƏRTAC
İyunun 12-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin və Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Bakı-2015” ilk Avropa Oyunlarının açılışına həsr olunan mərasim keçirilib.
Mərasimdə iştirak edən Fransanın tanınmış şirkətlərinin nümayəndələri, Parisdə akkreditə olunan diplomatik korpusun əməkdaşları, Fransa Milli Olimpiada və İdman Komitəsinin, Azərbaycan diasporunun təmsilçiləri yerli “Equipr-21” televiziya kanalı vasitəsilə ilk Avropa Oyunlarının təntənəli açılışını birbaşa izləyiblər.
Səfirliyin əməkdaşı Ayaz Qocayev və Avropa-Azərbaycan Cəmiyyətinin Parisdəki ofisinin rəhbəri xanım Mari-Latesiya Gurdən ilk Avropa Oyunlarının ölkəmizin tarixində mühüm hadisə olduğunu, xalqların bir-birinə yaxınlaşmasında vacib rol oynadığını, ölkəmizin tarixini və mədəniyyətini dünyaya tanıtmaqda xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris