İDMAN
Azərbaycanın birinci Avropa Oyunlarında 7-ci qızıl medalı
Bakı, 15 iyun, Səxavət Quliyev, Rəşad İsmayılov, AZƏRTAC
İyunun 15-də Azərbaycan güləşçiləri birinci Avropa Oyunlarında daha bir qızıl medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, qadın güləşçilərin mübarizəsində 48 kiloqram çəki dərəcəsində mübarizə aparan “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa və dünya çempionu Mariya Stadnik final görüşündə Bolqarıstan idmançısı Elitsa Yankovaya qalib gələrək Azərbaycana yeddinci qızıl medalı qazandırıb. M.Stadnik rəqibinə böyük hesabla (12:1) qalib gələrək final görüşünü vaxtından əvvəl başa vurub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qadın güləşçimizin oyununu izləyiblər.
Birinci Avropa Oyunlarının idman elçisi Mariya Stadnik ilk görüşdə portuqaliyalı Lilian Santosa qalib gələrək dörddəbir final mərhələsinə adlayıb. Növbəti mərhələdə güləşçimiz fransalı Julie Sabatie ilə qarşılaşıb. Mariya Stadnik tam üstünlüklə rəqibinə qalib gələrək yarımfinalda polşalı İvona Matkovskanı məğlub edib.
AZƏRTAC-ın arayışı: Dəfələrlə dünya və Avropa çempionatlarının qalibi olan Mariya Stadnik 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında 3-cü, 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında isə 2-ci yerə layiq görülüb.
M.Stadnikin iki övladı var. Həyat yoldaşı Andrey Stadnik isə onun məşqçisidir.