İQTİSADİYYAT
Moskvada "Geoloji kəşfiyyat 2015. Rusiya və MDB: neft-qaz sahəsində əməkdaşlıq və biznes imkanları" mövzusunda konfrans keçiriləcək
Bakı, 30 iyun, Laçın Sultanova, AZƏRTAC
Noyabrın 11-də Moskvada "Vostock Capital" şirkəti tərəfindən təşkil olunmuş "Geoloji kəşfiyyat 2015" II Beynəlxalq konfransı və sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin dəstəyi və iştirakı ilə "Rosgeologiya" şirkəti konfransın informasiya tərəfdaşı və tədbirin təşkilatçılarından biri kimi çıxış edir.
"Geoloji kəşfiyyat 2015" geoloji kəşfiyyat sahəsində biznes ilə hakimiyyətin ünsiyyəti, əsas qərarların hazırlanması meydançasıdır. RF Hökuməti sədrinin müavini Aleksandr Xloponinin sözlərinə görə, "bu, əslində Rusiyada yeganə ixtisaslaşdırılmış forumdur ki, belə məsələlər ekspertlərin, dövlət idarələri, hasilat və servis şirkətləri nümayəndələrinin geniş dairəsi tərəfindən yüksək peşəkar səviyyədə müzakirə olunur".
"Geoloji kəşfiyyat 2015" konfransında təqribən 250 nəfərin iştirakı gözlənilir. Bunlar hasilat şirkətlərinin rəhbərləri, kəşfiyyat üzrə baş direktorlar və vitse-prezidentlər, baş geoloqlar və geofiziklər, habelə satınalmalar üzrə direktorlardır. RF-in təbii ehtiyatlar və ekologiya naziri Sergey Donskoy, "Rosgeologiya" şirkətinin baş direktoru, Rusiya innovasiya yanacaq-enerji şirkətinin baş direktorunun geoloji kəşfiyyat üzrə müavini Sergey Deliya, Xantı-Mansiysk neft-qaz ittifaqının baş direktoru Kirill Strijnyov və başqaları məruzə edəcəklər.
Konfransın proqramında geoloji kəşfiyyat sahəsində vəziyyətin və perspektivlərin qiymətləndirilməsi, "Rusiya və MDB", "Quruda yeni yataqlar. Arktika" layihələri, "Avrasiya"beynəlxalq layihəsi - Xəzəryanı çökəklikdə geoloji-kəşfiyyat işləri, inqilabi texnologiyalar və innovasiyalar və s. barədə məlumat verilməsi nəzərdə tutulub.
"Geoloji kəşfiyyat 2015" konfransında Rusiyanın və MDB ölkələrinin geoloji kəşfiyyat işləri sahəsində strateji qərarlar qəbul edən bütün əsas hasilat şirkətlərinin rəhbərləri iştirak edəcəklər.