İDMAN
Birinci Avropa Oyunlarında Vətənimə könüllü kimi dəstək olduğum üçün qürur duyuram
Bakı, 30 iyun, AZƏRTAC
“Baki-2015” birinci Avropa Oyunlarında Vətənimə könüllü kimi dəstək olduğuma görə çox xoşbəxtəm. Fəaliyyət göstərdiyim Heydər Əliyev adına Bakı İdman Arenasında məkanın koordinasiya mərkəzində radio operatoru kimi insanlara xidmət etməkdən böyük qürur hissi keçirirdim. Bu mötəbər idman yarışlarının iştirakçısı olmaq çox məsuliyyətli, eyni zamanda, şərəflidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi Humay Cavadzadə söyləyib. O, üç ay “Bakı-2015” birinci Avropa Oyunlarının və Təhsil Nazirliyinin “Sabahın könüllüsü” proqramının könüllüsü kimi fəaliyyət göstərdiyini söyləyib. H.Cavadzadə “SABAH-ın könüllüsü” proqramı ilə tanış olduqdan sonra ilk dəfə keçiriləcək Avropa Oyunlarında könüllü kimi iştirak etməyə qərar verdiyini deyib: “Inanıram ki, burada qazandığım təcrübə gələcək həyatıma və karyera fəaliyyətimə çox böyük təsir göstərəcək. Könüllülük fəaliyyətim müddətində fərqli mühitdə və müxtəlif insanların əhatəsində oldum, çoxlu dostlar qazandım. Bakıda keçiriləcək növbəti tədbirlərdə də könüllü kimi iştirak etmək istərdim”.