SİYASƏT
Bakıda Belarusun milli bayramı qeyd edilib
Bakı, 25 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İyunun 30-da Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.
Səfir Nikolay Pastkeviç çıxış edərək bildirib ki, 1944-cü il iyulun 3-də Minskin faşist işğalçılarından azad edildiyi tarix Belarusun Müstəqillik Günü kimi qeyd olunur. Belarusun azad edilməsi uğrunda gedən döyüşlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 32-ci tank briqadasının, həmçinin Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin iştirak etdiklərini diqqətə çatdıran diplomat bu qəhrəmanların xatirəsinin Belarusda daim böyük hörmət və ehtiramla yad edildiyini vurğulayıb.
Azərbaycan ilə Belarus arasındakı əlaqələrdən danışan səfir prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun münasibətlərin inkişafında xidmətlərini qeyd edib. Diplomat Azərbaycanın Belarus üçün strateji tərəfdaş olduğunu vurğulayıb.
“Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğulayan səfir bu münasibətlə Azərbaycan dövlətini və xalqını təbrik edib.
Rəsmi qəbulda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov
əlamətdar gün münasibətilə Belarus xalqını Azərbaycan Hökuməti adından təbrik edib.
Yaqub Eyyubov Azərbaycan ilə Belarusun dost ölkələr olduğunu söyləyib. Prezident İlham Əliyevin Belarusa, Prezident Aleksandr Lukaşenkonun isə Azərbaycana səfərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini bildirən Baş nazirin birinci müavini münasibətlərimizin iqtisadi, mədəni, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Yaqub Eyyubov ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.