ELM VƏ TƏHSİL
İqtisad Universiteti tələbələrin təşəbbüs və layihələrini reallaşdıracaq
Bakı, 30 iyun AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) tələbə təşəbbüsləri və layihələrin təşkili şöbəsi yaradılıb.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, şöbənin məqsədi yetkin sosial fəallığı olan, peşəkar məsuliyyətli, yüksək əxlaqi və vətəndaşlıq keyfiyyətlərinə malik mütəxəssislərin hazırlanması və bu istiqamətdə layihələrin reallaşdırılmasıdır.
Şöbə tələbə şəxsiyyətinin özünüinkişafına və özünüreallaşdırmasına istiqamətlənmiş optimal və yaradıcı sosial-pedaqoji tərbiyə mühitinin yaradılması, fəallığa, məqsədyönlüyə və təşəbbüskarlığa malik, dəyişən şəraitə reaksiya bildirmək və tez uyğunlaşmaq imkanı olan, idarəetmə qərarları qəbul edə bilən həyat qabiliyyətli şəxsiyyətin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək. Bundan əlavə, tələbələrdə vətəndaş mövqeyinin formalaşdırılması, müasir həyat şəraitində mənəvi və mədəni dəyərlərin qorunması, yüksəldilməsi üçün şəraitin yaradılması, universitet ənənələrinin qorunması sahəsində də iş aparacaq. Həmçinin tələbə özünüidarəetmə orqanlarının, ictimai və yaradıcı tələbə birliklərinin işinin inkişafına yardım və işinin əlaqələndirilməsi, tələbə təşəbbüslərinin dəstəklənməsi, tələbələrin sosial-mədəni, vətənpərvərlik, mənəvi-əxlaqi və sahibkarlıq tərbiyəsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi ilə məşğul olacaq.
Yeni yaradılan şöbə ADİU-nun mənafeyinə xidmət edən tələbə həyatı ilə bağlı müxtəlif layihələr həyata keçirəcək, tələbələrin sosial fəaliyyətinin genişləndirilməsi və idarə olunması üçün menecment funksiyasını yerinə yetirəcək. Eyni zamanda, yerli və beynəlxalq düşərgələrdə, forumlarda, simpoziumlarda ADİU-nun tələbələrinin iştirakını təmin edəcək.
Şöbə tələbələrə maddi yardımın göstərilməsi, onların daha istedadlılarına sosial və maddi dəstəyin alternativ mənbələrinin axtarışı, problemlərinin təhlili, psixoloji dəstəyin və psixoloqun konsultasiya yardımının təşkili ilə də məşğul olacaq. Həmçinin tələbələr arasında hüquq pozuntuları, narkomaniya, alkoqolizm, siqaret çəkmə, vərəm, QİÇS və digər infeksiyaların profilaktikası üzrə layihə, mühazirə, forum və “dəyirmi masa”lar təşkil ediləcək.