ELM VƏ TƏHSİL
Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 6-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi-təşkilati dəstəyi ilə “Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havayadək” mövzusunda beynəlxalq konfrans işə başlayacaq.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan tanınmış alimlərin Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal-məruzələri dinləniləcək. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də tədqiqatlarının nəticələrini təqdim edəcəklər.
İki gün Bakıda keçiriləcək konfransın bir sessiyası Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunacaq. Tədbirdə elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə ediləcək.
Konfransın materiallarının kitab şəklində nəşri planlaşdırılır.
Ətraflı məlumatı http://sdf.gov.az/conferences/sun2015/ internet səhifəsindən əldə etmək olar.
Beynəlxalq konfrans iyulun 8-də başa çatacaq.