ELM VƏ TƏHSİL
“ADA” Universitetinin nümayəndələri "Azərkosmos" ASC-də olublar
Bakı, 3 iyul, AZƏRTAC
“ADA” Universitetinin informasiya sistemləri üzrə rəhbəri Rahid Ələkbərli və universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı, elmlər doktoru Muhammadu Kah "Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) olublar.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlara "Azərkosmos"un fəaliyyəti barədə geniş məlumat verilib. Onlara Azərbaycan üçün yeni olan peyk sənayesində yerli kadr hazırlığı, "Azərkosmos" əməkdaşlarının texnologiya və peyk sənayesinə dair fərdi bacarıqlarının inkişafı istiqamətində keçirilən təlimlərdən bəhs edilib.
Qonaqlar “ADA” universitetində Azərbaycan təhsil sistemində ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığının həyata keçirilməsi, fundamental və tətbiqi elmi tədqiqatların uğurla aparılması barədə məlumat veriblər. “ADA” nümayəndələri universitetin gələcək planlarına daxil olan elektrik, telekommunikasiya, mexanika, sistem, informasiya təhlükəsizliyi mühəndisliyi tipli fakültələrin açılmasını, bu fakültələrin tədris planının tərtib edilməsində və onun peyk sənayesində tətbiqində "Azərkosmos" təcrübəsindən faydalanacaqlarını bildiriblər.
Sonda universitetin tələbələrinin peyk sənayesində çalışmaq üçün həvəsləndirilməsi və bu istiqamətdə lazımi tədbirlərin keçirilməsi üçün “ADA” və "Azərkosmos" arasında hər iki tərəf üçün qarşılıqlı şəkildə faydalı olacaq uzunmüddətli əməkdaşlıq qurulmasının vacibliyi qeyd olunub.