İQTİSADİYYAT
Pirallahı Yüksək Texnologiyalar Parkının inkişaf planı hazırlanır
Bakı, 2 avqust, Ramiz Quliyev, AZƏRTAC
Pirallahı rayonunda tikiləcək Yüksək Texnologiyalar Parkının baş planının və ümumi inşaat layihəsinin hazırlanması məqsədilə texniki məsləhətçi kimi Kanadanın “Hill İnternational” şirkəti ilə müqavilə imzalanıb.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, “Yüksək Texnologiyalar Parkı” MMC-nin gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi məqsədilə hazırda məsləhətçi şirkətlə birgə inkişaf planı hazırlanır. Yüksək Texnologiyalar Parkının inşa olunacağı ərazidə tikintinin aparılması ilə əlaqədar sənədləşmə işləri də görülüb. Parkın infrastrukturunun qurulması üçün layihələndirmə işləri memarlıq şirkəti ilə birgə təsdiq edilən iş cədvəlinə uyğun aparılır.
Ərazinin baş plan cizgiləri tam işlənib hazırlanıb və hazırda birinci faza üzrə tikiləcək binaların eskiz layihələrinə baxış keçirilir. Bütün əlavə və düzəlişlər edildikdən sonra birinci faza üzrə tikiləcək binaların işçi layihələrinin hazırlanmasına başlanılacaq.