İQTİSADİYYAT
TANAP–ın tikintisində istifadə olunacaq boruların ilk partiyası Hopa limanına gətirilib
Bakı, 4 avqust, Nihat Budaqov, AZƏRTAC
Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi çərçivəsində istifadə olunacaq boruların ilk partiyası Hopa limanına gətirilib.
AZƏRTAC “haberler.com” saytına istinadla xəbər verir ki, TANAP-ın Türkiyədən keçən hissəsində martdan başlayan inşaat işləri ilə əlaqədar Posof qəsəbəsinin Türkgözü kəndindən Ərzurumun Aşkale bölgəsinə qədər olan 375 kilometrlik hissənin tikintisi üçün 180 boru Hopa limanına gətirilib. Kəmərin bu hissəsinin tikintisini “Fernas İnşaat A.Ş.” həyata keçirəcək.
TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof qəsəbəsindən başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.