REGİONLAR
Ağstafa rayonunun daha iki kəndinə təbii qaz verilib
Ağstafa, 28 avqust, AZƏRTAC
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Ağstafa rayonunun qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Rayonun Kür çayının sol sahilində 11 yaşayış məntəqəsinin qazlaşdırılması üçün əsas daşıyıcı kəmərin tikintisinin başa çatması ilə yanaşı, qəsəbə və kəndlərdə paylayıcı xətlərin inşası və sayğacların quraşdırılması da aparılır.
AZƏRTAC xəbər verir ki, avqustun 27-də Saloğlu və Soyuqbulaq qəsəbələrində təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin məsul işçisi İbrahim Kəlbalıyev, idarə, müəssisə və təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev təbii qazın verilməsi münasibətilə qəsəbə sakinlərini təbrik edib. O, respublikamızın sürətli sosial-iqtisadi inkişafı, həyata keçirilən infrastruktur layihələri və görülən işlər, o cümlədən Ağstafada aparılan tikinti-quruculuq və abadlıq işləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Saloğlu və Soyuqbulaq qəsəbələrinə təbii qazın verilməsi ilə rayonun 30 yaşayış məntəqəsi mavi yanacaqla təmin edilib. Bununla da rayonda qazlaşdırmanın səviyyəsi 80 faizə çatdırılıb. Saloğlu qəsəbəsində 325, Soyuqbulaq qəsəbəsində isə 215 abonentə yeni sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Çıxış edənlər təbii qazın verilməsinə görə bütün sakinlər adından Azərbaycan Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildiriblər.
Sonda qəsəbələrə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb.