İQTİSADİYYAT
“Sinam” şirkəti Əfqanıstanda ünvan sistemi yaratmağa hazırlaşır
Bakı, 29 avqust, Samirə Quliyeva, AZƏRTAC
Azərbaycanın “Sinam” şirkəti Əfqanıstanın paytaxtı Kabil şəhərinin meriyası ilə ünvan sisteminin yaradılması layihəsi üzrə razılıq əldə edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Sinam” sistemin yaradılması ilə bağlı texniki tövsiyələri artıq şəhər meriyasının rəsmilərinə təqdim edib.
“Layihə Kabil şəhərinin meriyası tərəfindən bəyənilib və yuxarı instansiyalara təqdim edilib. Hazırda Əfqanıstanda Nazirlər Kabinetinin formalaşmasını gözləyirik ki, layihənin icrası üçün şərait yaradılsın. Təqdim etdiyimiz tövsiyələr Kabil şəhərinin bina və küçələrinin ünvan sisteminin hazırlanmasını təmin edəcək”, - deyə şirkətdən bildiriblər.
“Sinam” şirkəti Əfqanıstan üçün Azərbaycanda yaratdığı “GoMap” elektron xəritəsinə bənzər sistem yaratmaq niyyətindədir.