İDMAN
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
Bakı, 31 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın son günlərində sərbəst güləşçilər yarışır. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi ilə Azərbaycanı yarışda Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edirlər.
Çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcələrində mübarizə aparan güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar.
Yarışda Şahin Muxtarov (42 kq) ABŞ və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Həlledici görüşdə güləşçimiz bolqarıstanlı rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib gələrək dünya çempionatının bürünc medalına sahib olub.
Çempionatda 58 kiloqram çəkidə mübarizə aparan Fazil Həsənov ilk görüşdə İsrail təmsilçisinə qalib gəlib, sonra isə ABŞ-dan olan rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Qırğızıstan və Ukrayna güləşçilərinə qalib gələn F.Həsənov son qarşılaşmada Rusiya təmsilçisini də məğlub edərək bürünc medala yiyələnib.
Turnirdə 69 kiloqramda ölkəmizi təmsil edən İsmayıl Abdullayev İtaliya, Gürcüstan və İran idmançıları üzərində inamlı qələbələr qazanaraq finala yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.