İDMAN
Azərbaycan taekvondoçuları Polşada keçirilən beynəlxalq turnirdə 7 medal əldə ediblər
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 29-30-da Polşanın paytaxtı Varşava şəhərində ənənəvi “Polish open” G1 kateqoriyalı beynəlxalq reytinq turniri keçirilir.
Turnirdə Azərbaycanın taekvondo üzrə gənclərdən və böyüklərdən ibarət yığma komandaları iştirak edirlər. Milli komandamız 5, gənclərdən ibarət yığmamız isə 20 taekvondoçu ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, gənclərin yarışında İlham Əliyev (45 kq), İlayda Kardelen Çiftci (46 kq) və Qaşim Maqomedov (51 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Cavid Məmmədov (-45 kq) və Gülsüm Gültəkin (59 kq) turnirdə gümüş medallar qazanıblar. Əliəskər Əliyev (68 kq) isə yarışı bürünc medalla başa vurub.
Böyüklərin yarışında ilk Avropa Oyunlarının qalibi Milad Beigi Hərçəqani (80 kq) qızıl medala yiyələnib.
İdmançılarımız beynəlxalq yarışa, böyüklərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov, eləcə də gənclərdən ibarət yığmamızın baş məşqçisi Mamed Abdullayev, böyük məşqçi Zahid Məmmədov və məşqçi müəllim Vurğun Cəfərovun rəhbərliyi ilə yollanıb. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdədir.