İQTİSADİYYAT
Rusiya şirkəti Azərbaycana elektrovozlar göndərməyi planlaşdırır
Moskva, 2 sentyabr, AZƏRTAC
Rusiyanın “Transmaşholdinq” şirkəti Azərbaycana lokomotivlər göndərəcəyinə ümid edir. Bu barədə şirkətin baş direktoru Kiril Lipa “EKSPO 1520” dəmir yolu salonu çərçivəsində məlumat verib. O bildirib ki, şirkət Azərbaycana lokomotivlər, o cümlədən EP20 elektrovozu göndərməyi planlaşdırır. K.Lipa deyib: “Söhbət 8 vahiddən 12 vahidədək həcmdən gedir”.
“Transmaşholdinq” Rusiyanın nəqliyyat maşınqayırması sahəsində ən iri şirkətidir. Müəssisə magistral və sənaye elektrovozları, manevrli teplovozlar, yük, sərnişin, elektrik və metro vaqonları istehsal edir.
EP20 elektrovozu “Transmaşholdinq”in Fransanın “Alston” şirkəti ilə “Texnoloqii relsovoqo transporta” müştərək müəssisəsi çərçivəsində bu şirkətin bir sıra texniki həllərindən istifadə etməklə layihələndirdiyi iki sistemdən ibarət sərnişin sürət elektrovozudur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva