REGİONLAR
Yevlaxda pambıq yığımına hazırlıq görülür
Yevlax, 3 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər məhsul yığımına hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, Yevlax rayonunda bu il 958 hektar sahədə pambıq becərilib. Rayonun fermerləri pambığı əsasən “Qarabağ” Regional MKT-nin Yevlax məntəqəsi ilə müqavilə əsasında becərirlər. Məntəqənin müdiri Vaqif Məmmədovun bildirib ki, bu il 1027,5 hektarda, o cümlədən Goranboy rayonu ərazisində 70 hektarda çiyid səpini həyata keçirilib. Müqavilə bağlanmış fermerlər toxum, gübrə, dərman və texnika ilə təmin edilirlər.
Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə və digər aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambıq əkinlərinin defoliasiya və desikasiyasına başlanılıb.
Bir neçə gündən sonra tarlalardan məhsul yığımına başlanılacağını deyən Vaqif Məmmədov hər hektardan orta hesabla 30-35 sentner “ağ qızıl” əldə edəcəklərini proqnozlaşdırır.