Azərbaycan Montiyi Sen Deni festivalında təmsil olunur
Orn, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Fransanın Orn departamentində təşkil olunan Montiyi Sen Deni festivalında ilk dəfə olaraq fəxri qonaq qismində iştirak edir.
Azərbaycanın Fransadakı səfirliyi, Fransada respublikamızla bağlı bir çox uğurlu layihələrə imza atan Azərbaycanın Dostları Assosiasiyası və Azərbaycan Evi iki gün davam edəcək festivalda ölkəmizi təmsil edirlər.
Festivalın açılış mərasiminə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Fransa Senatının üzvü Natali Qule, Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva və Orn departamentinin yüksək vəzifəli şəxsləri qatılıblar.
Açılış mərasimində səfir Elçin Əmirbəyov ölkəmiz haqqında geniş məlumat verərək, Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafı, Fransa və Orn departamentinin yerləşdiyi Aşağı Normandiya regionunda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş mədəniyyət və xeyriyyə tədbirləri, eləcə də ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində görüləcək işlərdən danışıb.
Festivalda Azərbaycan pavilyonu yerli sakinlərin çox böyük marağına səbəb olub. Heydər Əliyev Fondunun nəşrləri, milli əl işləri, yerli məhsullar iştirakçılara təqdim olunur, ləziz mətbəx nümunələri və onların hazırlanma prosesi nümayiş etdirilir.
Ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, milli irsi haqqında məlumatlar videoçarxlar vasitəsilə festival iştirakçılarına çatdırılır.
Festival çərçivəsində Bakı ulduzları rəqs ansamblının gün ərzində çıxışları böyük maraqla qarşılanır.
Azərbaycan pavilyonu fransız ictimaiyyətinə xoş təəssürat bağışlayır, ölkəmizə olan marağı daha da artırır.
Ənənəvi olaraq hər il təşkil olunan bu festival Fransanın şimal bölgəsindən çoxsaylı ziyarətçiləri özünə cəlb edir və bu il iki gün ərzində 150 mindən artıq ziyarətçinin festivalı izləyəcəyi gözlənilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris