MƏDƏNİYYƏT
Montiyi Sen Deni festivalının radiosu ilə Azərbaycanın mədəni irsi haqqında məlumatlar yayımlanıb
Orn, 11 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan Fransanın Orn departamentində təşkil olunan Montiyi Sen Deni festivalında ilk dəfə olaraq fəxri qonaq qismində iştirak edir.
Festival çərçivəsində ziyarətçiləri maraqlandıran iştirakçı ölkələr haqqında radio ilə birbaşa yayım olub. Azərbaycanla bağlı yayımda səfir Elçin Əmirbəyov ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti haqqında geniş məlumat verib. O, həmçinin Fransa–Azərbaycan dostluq əlaqələrinin inkişafı, Heydər Əliyev Fondunun Fransanın müxtəlif region və şəhərlərində mədəni irsimizin təşviqi istiqamətində həyata keçirdiyi mədəniyyət və xeyriyyə tədbirləri, ikitərəfli münasibətlərin perspektivləri barədə də danışıb.
Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva milli əl işləri haqqında, Azərbaycan Evinın sədr müavini Mehri Quliyeva isə ləziz mətbəximizin nümunələri barədə məlumat verərək, onların hazırlanma prosesini təqdim edib. Azərbaycan mətbəxi nümunələrinin dadına baxan ziyarətçilər ölkəmizin pavilyonunun fəallığından razılıqlarını bildiriblər.
Bakı ulduzları rəqs ansamblının təqdim etdiyi milli rəqslərimiz böyük maraqla qarşılanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris